- İngiltərə P.L.
- 22:30 06.11.2026
“Aston Villa”nın baş məşqçisi Unay Emeri klub rəhbərliyi ilə yeni müqavilənin imzalanması barədə danışıqlar apardığını təsdiqləyib.
90deqiqe.Az-ın “ESPN”ə istinadən məlumatına görə, müzakirələrdə klubun sahibi Nassef Saviris də iştirak edib. İspaniyalı mütəxəssis Savirislə keçirdiyi görüşün müsbət nəticələndiyini bildirib:
“Onunla çox yaxşı görüşümüz oldu. Söhbətimiz müsbət keçdi. Gələn həftə müzakirələri davam etdirəcəyik və danışdıqlarımızla bağlı razılığa gəlməyə çalışacağıq”.
Emeri klubun gələcək inkişafı ilə bağlı hədəflərindən də danışıb:
“Məqsədim sabitliyi qorumaq, irəliləməyə davam etmək və qurduğumuz layihəni inkişaf etdirməkdir. Bu, böyük çağırışdır. Klub hər il büdcəsini artırır, avrokuboklarda çıxış, inkişaf və futbolçuların satışı, eləcə də gənc istedadların transferi hesabına gəlirlərini yüksəldir. Gələcəkdə də bu ambisiyaları qoruyub saxlamalıyıq”.
Qeyd edək ki, daha əvvəl Unay Emerinin adı “Mançester Yunayted” də daxil olmaqla bir neçə klubla hallanıb. Bununla belə, ispaniyalı mütəxəssis “Aston Villa”da uzunmüddətli layihəni davam etdirməkdə maraqlı olduğunu təsdiqləyib.