- İngiltərə P.L.
- 20:27 22.11.2026
“Mançester Yunayted”in kapitanı Bruno Fernandeş klubun ona yeni müqavilə təklif etdiyini təsdiqləyib.
90deqiqe.Az-ın məlumatına görə, portuqaliyalı yarımmüdafiəçi lakin komandanın uğursuz nəticələrini nəzərə alaraq danışıqları təxirə salmaq qərarına gəldiyini açıqlayıb.Fernandeş bildirib ki, klub rəhbərliyi onun komandada qalmasını istəyir. Bununla belə, hazırda tərəflər arasında müqavilə ilə bağlı heç bir danışıqlar aparılmır.
“Klub mənə yeni müqavilə təklif edib. Düşünürəm ki, bu, onların məni komandada saxlamaq istəyini göstərir. Hazırda heç bir danışıq getmir. Bəzi insanlar mənim daha çox maaş və ya daha uzunmüddətli müqavilə tələb etdiyimi deyirlər. Əgər daha çox pul qazanmaq istəsəydim, burada qalmazdım.
“Mançester Yunayted”dən daha yüksək maaş təklif edən kluba keçmək imkanım olub. Üstəlik, Mançesterdən daha isti iqlimi olan yerdə oynaya bilərdim. İki, üç il əvvəl, hətta ötən yay da komandadan ayrılmaq şansım var idi. Lakin mən hər dəfə burada qalmağı seçdim.
Ötən mövsümün sonunda və bu mövsümün əvvəlində müqavilə məsələsini müzakirə etmişdik. Ancaq komandadakı və klubdakı hazırkı vəziyyəti nəzərə alaraq bu məsələni təxirə saldım. Düşünmürəm ki, indi nə mənim, nə də klubun müqavilə danışıqları aparması üçün münasib vaxtdır. Hazırda ən vacib məsələ klubun yenidən qələbələr qazanmağa başlamasıdır”, – deyə futbolçu “Sky Sports”a müsahibəsində bildirib.