23 noyabr 2026. Bazar ertəsi

“Uotford” son 18 ayda altıncı baş məşqçisini təyin etməyə hazırlaşır


“Uotford” son 18 ayda altıncı baş məşqçisini təyin etməyə hazırlaşır

Çempionşipdə çıxış edən “Uotford” Edvard Yordaneskunun baş məşqçi vəzifəsinə təyin olunmasına yaxındır.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə "BBC" məlumat yayıb.

Mənbənin məlumatına görə, 48 yaşlı rumıniyalı mütəxəssis müqavilə imzalamaq üçün çərşənbə axşamı İngiltərəyə gələcək. Yordanesku özü ilə üç köməkçi məşqçi gətirməyi planlaşdırır və artıq çərşənbə günü “Blekbern”lə ev oyununda komandanı idarə etməyə ümid edir.

Yordanesku “Şeffild Yunayted”ə 0:4 hesablı məğlubiyyətdən sonra vəzifəsindən ayrılan Alessio Dionizinin yerini tutacaq. İtaliyalı mütəxəssis “Uotford”un baş məşqçisi kimi 18 matça çıxıb. 21 turdan sonra komanda 21-ci pillədə qərarlaşıb və düşmə zonasını cəmi 4 xal qabaqlayır.

Yordanesku 2024-cü ildə Rumıniya millisini Avropa çempionatında (AVRO-2024) 1/8 finala yüksəldib. Həmin mərhələdə rumınlar Niderlanda 0:3 hesabı ilə məğlub olublar. Mütəxəssisin son klubu 2025-ci ilin oktyabrında ayrıldığı Varşava “Legiya”sı olub.

Yordanesku son 18 ayda “Uotford”un altıncı baş məşqçisi olacaq. Klub 2012-ci ildə Pozzo ailəsinin nəzarətinə keçəndən bəri komandaya 25 mütəxəssis rəhbərlik edib.







İngiltərə P.L.