İspaniya La Liqasında 2010/11 mövsümünün son turu çərçivəsində keçirilən “Levante” - “Saraqosa” oyununun nəticəsinin öncədən müəyyənləşdirildiyinə dair aparılan məhkəmə prosesi başa çatıb.
Corner.az xəbər verir ki, həmin matç da qonaqlar 2:1 hesablı qələbə qazanmış və “Saraqosa” La Liqada qalmışdı.
Valensiya hüquq mühafizə orqanları həmin görüşün danışılmış olması ilə bağlı şübhələr olduğundan 36 futbolçu və bir neçə klub rəsmisi ilə bağlı cinayət işi açmışdı.
8 il davam edən məhkəmə işi yekunlaşıb. İspaniya məhkəməsi 36 futbolçu barədə ittihamları yetərli hesab etmədiyi üçün onlar barəsində bəraət hökmü çıxarıb. “Saraqosa” klubu da bəraət alıb və “Levante” ilə oyunun danışılmış olmadığı təsdiqlənib. “Saraqosa”nın sabiq prezidenti Aqapito İqlesias ilə idman direktoru Xavyer Porkera isə 1 il 3 ay müddətinə həbs olunub. Onlar müəyyən sənədlərdə saxtakarlıqlara yol verdikləri üçün təqsirkar hesab olunublar.
Qeyd edək ki, 2010/11 mövsümünün nəticəsinə əsasən “Saraqosa” elitada qalıb, “Deportivo” isə aşağı liqaya düşmüşdü.