“Barselona” klubunun prezidenti Xosep Bartomeu istefaya gedib.
Corner.az xəbər verir ki, o, bu barədə keçirdiyi mətbuat konfransında açıqlama verib.
Bartomeu ilə birlikdə İdarə Heyətinin üzvləri də vəzifələrindən ayrılmaq qərarına gəliblər. İstefanın səbəbi prezidentə etimadsızlıq göstərilməsi olub. Məlumatın tezliklə klub tərəfindən rəsmən açıqlanması gözlənilir.
58 yaşlı funksioner 2014-cü ildə “Barselona”ya prezident seçilmişdi. O, son dövrlər komandanın ulduz futbolçusu Lionel Messi ilə qalmaqalına görə diqqət mərkəzində idi. Argentinalı futbolçu hətta ona görə bu yay komandadan ayrılmaq qərarına gəlmişdi. Lakin son anda klub rəhbərliyi onun getməsinə icazə vermədi.
Qeyd edək ki, “Barselona”da növbəti prezident seçkiləri gələn ilin martında keçirilməli idi. Lakin bu istefadan sonra istisna edilmir ki, erkən seçki təşkil olunsun.