- İspaniya L.L.
- 16:21 24.11.2024
"Son nəticələrimiz qəbuledilməz idi. Bu səbəbdən baş məşqçi Ronald Kumanı istefaya göndərməyi qərara aldıq".
Corner.az-ın məlumatına görə, bu fikirləri "Barselona" klubunun prezidenti Xuan Laporta Serxi Barxuanın müvəqqəti baş məşqçi təyin olunması ilə əlaqədar mətbuat konfransında deyib.
59 yaşlı funksioner ağır vaxtda komandanı qəbul edərək ölkə kubokunu qazandırdığı üçün Kumana minnətdar olduğunu deyib: "Kuman bizim üçün daim dahi oyunçu kimi qalacaq. Onun baş məşqçi kimi fəaliyyətini davam etdirməməsi yalnız nəticələrlə əlaqədardır. Vəziyyət dözülməz idi. Komanda təhlükəli duruma düşmüşdü və hər şeyi itirə bilərdi".
Laporta müvəqqəti baş məşqçi Serxi Barxuana inandığı sözlərini də əlavə edib: "Bizim Serximiz var. "Barselona" onun doğma evidir. Fəlsəfəmizi yaxşı bilir. Yeni baş məşqçi tapanadək onun xidmətindən yararlanacağıq".
Qeyd edək ki, Ronald Kuman "Barselona"nın "Rayo Valyekano"ya 0:1 hesabı ilə uduzduğu XI tur oyunundan sonra istefa verib.