“Barselona”nın müdafiəçisi Jerar Pike karyerasını başa vurub. Corner.az xəbər verir ki, ötən gecə La Liqanın 13-cü turu çərçivəsində “Kamp Nou” stadionunda keçirilmiş “Almeriya” ilə matç (2:0) 35 yaşlı futbolçunun karyerasında son görüş olub.
İspan oyunçu sözügedən görüşdə start heyətdə meydana çıxıb və 85-ci dəqiqədə əvəzlənib. O, son oyununda göz yaşlarını saxlaya bilməyib və görüşdən sonra azarkeşlərlə yanaşı futbolçularla vidalaşıb.
Pike “Barselona”nın yetirməsidir. O, 2004-cü ildə Kataloniya təmsilçisindən ayrılaraq İngiltərənin “Mançester Yunayted” klubuna keçib. İspaniya millisinin sabiq üzvü 2006/07 mövsümündə “Real Saraqosa”da bir illik icarədə də olub. 2008-ci ildə isə o, yenidən Kataloniya klubuna qayıdıb. “Barselona”da da 616 matç keçirmiş futbolçu, bu görüşlərdə 53 qola imza atıb, 15 məhsuldar ötürmə müəllifi olub. Pike İspaniya yığmasında da 102 oyun keçirib, 5 qol vurub. Milliyə 2018-ci ildə vida edən müdafiəçi, DÇ-2010 və AÇ-2012-nin qalibi olub. O, Kataloniya klubu ilə də 30 titul əldə edib.