Mövsümün sonunda "Barselona"dan ayrılacaq yarımmüdafiəçi Serxio Buskets bununla bağlı fikirlərini bölüşüb. Corner.az xəbər verir ki, Kataloniya klubunun rəsmi saytına açıqlama verən 34 yaşlı kapitan burda çıxış etməyin şərəf olduğunu söyləyib:
“Barselona”lı olmaq mənim üçün şərəf və qürur mənbəyi idi. Lakin hər şeyin bir sonu olur. Getməyin zamanı gəlib. Bu yolda yanımda olan bütün insanlara, eləcə də azarkeşlərə təşəkkür edirəm”.
Buskets "Barselona"nın öz yetirməsidir. 2008-ci ildə əsas komandada debüt edən təcrübəli futbolçu kataloniyalıların heyətində 718 oyuna çıxıb - bu, tarixin üçüncü ən yüksək göstəricisidir. O, bu görüşlərdə, 18 qol vurub və 45 məhsuldar ötürmə verib.
İspan yarımmüdafiəçi "Barselona" ilə 8 dəfə İspaniya çempionu, 7 dəfə ölkə kuboku və super kubokunu qazanıb, 3 dəfə Çempionlar Liqasının, UEFA super kubokunun və Klublararası dünya çempionatının qalibi olub.