- İspaniya L.L.
- 16:32 08.07.2025
"Real Madrid" klubunun əfsanəvi yarımmüdafiəçisi Luka Modriç komandadan ayrılır.
90deqiqe.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, 39 yaşlı futbolçu bu ilin iyunun 15-də start götürəcək Klublararası Dünya Çempionatından sonra “kral klubu” ilə yollarını ayıracaq.
"Real Madrid" açıqlamasında xorvatiyalıya göstərdiyi xidmətlərə görə təşəkkür edib və onu həm klubun, həm də dünya futbolunun ən böyük əfsanələrindən biri kimi dəyərləndirib:
"Real Madrid" Luka Modriçə və onun ailəsinə həyatının bu yeni mərhələsində uğurlar arzulayır. “Santyaqo Bernabeu” stadionu bu şənbə, La Liqadakı son ev oyununda ona xüsusi hörmət göstərəcək."
2012-ci ildən etibarən “Real Madrid”in formasını geyinən Luka Modriç bu müddətdə çoxsaylı titul və uğura imza ataraq klubun tarixinə adını qızıl hərflərlə yazdırıb. Onun ayrılığı həm klub, həm də futbol ictimaiyyəti üçün emosional bir an olacaq.
Mayın 24-ü İspaniya Primerasının 38-ci turunda "Real Madrid" "Real Sosyedad"la qarşılaşacaq.