- İspaniya L.L.
- 23:45 13.12.2025
İspaniyanın “Vilyarreal” klubu gənc cinah oyunçusu Alberto Moleyronu heyətinə qatıb.
90deqiqe.Az klubun rəsmi saytına istinadən məlumatına görə, 21 yaşlı futbolçu ilə 2030-cu ilin iyunun 30-na qədər müqavilə imzalanıb.
İspaniya U-21 millisinin üzvü olan Moleyro “sarı sualtı qayıq” ləqəbli klubun yeni mövsüm üçün ilk diqqətçəkən transferlərindən biri olub. Onun son olaraq çıxış etdiyi “Las Palmas” klubu ilə müqaviləsi bir mövsüm sonra başa çatacaqdı.
Transferin maliyyə detalları da bəlli olub. “Vilyarreal” bu keçid üçün “Las Palmas” klubuna 16 milyon avro ödəyib. Bundan əlavə, razılaşmaya oyunçunun performansına bağlı olaraq 2 milyon avro məbləğində bonusların da daxil olduğu bildirilib.
Qeyd edək ki, ötən qış İngiltərə mediası “Arsenal” klubunun baş məşqçisi Mikel Artetanın da Moleyronu komandasında görmək istədiyini yazmışdı. Lakin nəticədə futbolçu karyerasını La Liqada davam etdirməyi seçib.
Moleyro "Las Palmas" akademiyasının yetirməsidir. O, Kanar adalarının əsas komandasında 147 oyun keçirib, 13 qol vurub və 14 məhsuldar ötürmə edib. Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 25 milyon avrodur. Alberto hazırda Slovakiyada keçirilən gənclər arasında Avropa çempionatında İspaniyanın 21 yaşadək futbolçulardan ibarət komandasında çıxış edir.