- İspaniya L.L.
- 23:51 04.12.2025
Niderlandlı yarımmüdafiəçi Frenki de Yonq “Barselona” ilə müqaviləsini uzatdıqdan sonra klubdan ayrılmaq niyyətində olmadığını bildirib.
90deqiqe.Az xəbər verir ki, “El Pais” təcrübəli futbolçunun dediklərini belə çatdırıb.
“Mən hər zaman açıq şəkildə demişəm ki, ‘Barselonada’ qalmaq istəyirəm. Komandadan, buradakı oyundan həmişə razı olmuşam. Elə vaxtlar var idi ki, klubda mənim transferimdən gəlir əldə etmək istəyən insanlar vardı. Onları müəyyən mənada başa düşürdüm — klub çətin maliyyə dövrü yaşayırdı və mən satış siyahısına daxil edilən oyunçu idim. Amma mən açıq şəkildə bildirdim: qalmaq istəyirəm. Əgər hər şey qaydasında getsə, oynayacağıma əmin idim. Belə də oldu. Axı sənin müqavilən varsa və qalmaq qərarı vermisənsə, qalacaqsan. Buna görə də narahat deyildim.”
Qeyd edək ki, Frenki de Yonqun “Barselona” ilə yeni müqaviləsi 2029-cu ilə qədər nəzərdə tutulub. Cari mövsümdə futbolçu kataloniyalıların heyətində bütün turnirlərdə 9 oyuna çıxıb, 2 qol ötürməsi ilə yadda qalıb.