- İspaniya L.L.
- 23:32 11.12.2025
“Arsenal” və “Barselona”nın sabiq hücumçusu Tyerri Anri “Real Madrid”in baş məşqçisi Xabi Alonsonun üzərinə artan təzyiqlərlə bağlı mövqeyini açıqlayıb.
90deqiqe.Az-ın "ESPN"ə istinadən məlumatına görə, Anri hesab edir ki, bu qədər qısa müddətdə məşqçiyə qarşı narazılığın yaranması məntiqsizdir:
“Altı ay işləyən məşqçinin problem yaşaması mənə həmişə absurd görünüb. Amma “Real” və ya “Barselona” kimi klublarda hər şey bir anda dəyişə bilər və səhər pis xəbərlə oyanmaq mümkündür.
Məncə, “Real Madrid” çalışdırıcısına şübhə etməməlidir. Əgər bir məşqçiniz varsa, onun nəyə qadir olduğunu anlamağa çalışmalısınız.
Bəziləri düşünür ki, Xabi çox məşq prosesinə fokuslanır və komandanın idarə olunmasına kifayət qədər diqqət ayırmır. Mən bu fikirlə razı deyiləm, amma reallıq budur. Ona yazığım gəlir, çünki “Bayer”də onun nələr etdiyini görmüşük: futbolçular onu dinləyəndə nəticə gəlirdi.
Futbolda elə məşqçilər var ki, sadəcə oyunçuların özlərini göstərməsinə şərait yaradır. “Barselona” öz üslubu olan məşqçilər yetişdirir və bu, komandanın tərkibindən asılı olaraq dəyişir. “Real”da isə yanaşma fərqlidir: prosesin 90 faizi oyunçular, 10 faizi məşqçidir. Onlara özləri idarə etməyə icazə vermək lazımdır. Bəzən eqo hər şeyi üstələyir”
Xatırladaq ki, “Mançester Siti”yə 1:2 hesabı ilə məğlubiyyətdən sonra Alonsonun vəziyyəti müzakirə mövzusuna çevrilmiş və iddiaya görə, klub ona vəziyyəti düzəltmək üçün üç oyun vaxt vermişdi.