8 yanvar 2026. Cümə axşamı

"Xoşbəxtlikdən, sözlərimi geri götürə bildim"


"Xoşbəxtlikdən, sözlərimi geri götürə bildim"

“İnter Mayami”nin və Argentina millisinin hücumçusu Lionel Messi 2016-cı ildə milli komandadan ayrılmaq qərarı verdiyi dövrlə bağlı xatirələrini bölüşüb.  

90deqiqe.Az xəbər verir ki, "LUZU TV" futbolçunun dediklərini belə çatdırıb.

“Bu, çox ağrılı və son dərəcə çətin bir mərhələ idi. ‘Barselona’da hər şey əla gedirdi: xoşbəxt idim, öz yerimdə idim. Amma Argentinaya qayıdanda özümü yad kimi hiss edirdim. İnsanlar məni lənətləyirdi, hər şey pis gedirdi, istədiyimiz nəticələri əldə edə bilmirdik. Ən çox zərər görən isə ailəm oldu, çünki onlar Argentinada qalırdılar. Onlar televiziya proqramlarını, tənqidləri izləməli olurdu. Mən bunların çoxundan xəbərsiz idim, çünki baxmırdım. Amma yaxınlarım hər şeydən xəbərdar idi və çox əziyyət çəkirdilər. Bu məni incidirdi və hər gün gələcək barədə düşünməyə vadar edirdi”, – deyə Messi bildirib.

Ulduz futbolçu milli komandaya artıq fayda verə bilmədiyini düşündüyü anın onun üçün çox ağır olduğunu da etiraf edib:

“Milli komandaya artıq heç nə verə bilməyəcəyimi düşündüyüm vaxt çox məyus oldum. Xoşbəxtlikdən sözlərimi geri götürə bildim. Bu, təslim olmamağın və başladığını yarımçıq qoymamağın ən yaxşı nümunəsidir”.

Messi həmçinin gənc nəsil futbolçuların ona verdiyi dəstəyin böyük rol oynadığını vurğulayıb:

“Mənim arxamda duran, məni qorumaq üçün hər kəslə mübarizəyə hazır olan bir nəsil var idi. Bu, nəsillər məsələsidir. Dieqo Maradonanın oyununu görən nəsil onu bizə verdiklərinə görə ilahiləşdirir – təkcə futbolda yox. Digər nəsil isə fərqli mühitdə böyüyüb və bəlkə də onun oyununu görməyib. Ona görə də başqa dəyərlərlə özlərini eyniləşdiriblər. Bu, normaldır”.

Argentina millisinin kapitanı səmimiyyətini də ön plana çəkib:

“Mən həmişə eyni olmuşam, heç vaxt rol oynamamışam. Argentinada ailəmdə aşılanan dəyərlərlə yaşamışam və onları Barselonada daha da möhkəmləndirmişəm. Atam bütün gün işləyirdi, demək olar ki, onu görmürdüm. Gecə növbəsindən sonra evə gəlir və məni məşqə aparırdı”.

Qeyd edək ki, argentinalı ulduz həmin il qərarını dəyişərək yenidən yığmaya qayıtmışdı.







İspaniya L.L.