- İspaniya L.L.
- 22:04 11.01.2026
“Barselona”nın keçmiş baş məşqçiləri Luis Enrike və Ernesto Valverde Neqreyra işi üzrə məhkəmədə ifadə veriblər.
90deqiqe.Az-ın "The Athletic"ə istinadən məlumatına görə, onlar bildiriblər ki, klubun iddia etdiyi və keçmiş Hakimlər Texniki Komitəsinin (CTA) vitse-prezidenti Xose Neqreyra ilə onun oğlu tərəfindən hazırlandığı deyilən hakim hesabatlarının mövcudluğundan xəbərləri olmayıb.
Luis Enrike məhkəmədə deyib:
“Yanımda heç vaxt hansısa hesabatlardan söz açılmayıb və mənə belə sənədlər göstərilməyib. Sizi əmin edirəm ki, nə mənə, nə də məşqçi heyətimdən kiməsə bu cür hesabatlar təqdim olunmayıb”.
Ernesto Valverde də oxşar mövqe sərgiləyərək, çalışdığı dövrdə belə hesabatlar barədə məlumatının olmadığını vurğulayıb.
Buna baxmayaraq, “Barselona”nın prezidenti Joan Laporta sözügedən hesabatların mövcud olduğunu və klub üçün “faydalı” hesab edildiyini bildirib.
Qeyd edək ki, 2023-cü ildə “Barselona” Xose Neqreyra ilə bağlı ödənişlərə görə rüşvət ittihamı ilə üzləşib. İstintaqa əsasən, klub 2001–2018-ci illər ərzində İspaniya Kral Futbol Federasiyasında (RFEF) çalışan Neqreyra ilə əlaqəli olaraq təxminən 8,4 milyon avro məbləğində ödəniş edib. Keçmiş CTA vitse-prezidenti isə bu vəsaitlərin hakimlərin qərarlarına təsir göstərmək məqsədi daşıdığını qəti şəkildə təkzib edir.