- İspaniya L.L.
- 01:51 12.01.2026
İspaniya Superkubokunun final oyunu başa çatıb.
90deqiqe.Az-ın məlumatına görə, həlledici görüşdə “Barselona” ilə Madrid “Real”ı üz-üzə gəlib. Qarşılaşma Səudiyyə Ərəbistanının Ciddə şəhərində yerləşən “King Abdullah Sports City” stadionunda keçirilib. Matçı baş hakim qismində Xose Munuera Montero idarə edib. Gərgin və dramatik mübarizə şəraitində keçən oyunda “Barselona” 3:2 hesabı ilə qələbə qazanıb.
Matçda hesab 36-cı dəqiqədə açılıb. Braziliyalı vinger Rafinya “Barselona”nı önə çıxarıb. Birinci hissəyə əlavə olunmuş vaxtda Madrid təmsilçisi ardıcıl reaksiyalar verib. 45+2-ci dəqiqədə Vinisius Junior hesabı bərabərləşdirsə də, 45+4-cü dəqiqədə Robert Levandovski kataloniyalıları yenidən irəli çıxarıb. Cəmi iki dəqiqə sonra, 45+6-cı dəqiqədə Qonsalo Qarsiya yenidən tarazlığı bərpa edib. İkinci hissədə isə həlledici söz Rafinyaya məxsus olub. O, 73-cü dəqiqədə dublunu rəsmiləşdirərək “Barselona”ya qələbə qazandırıb. Matçın sonlarında, 90+1-ci dəqiqədə kataloniyalıların yarımmüdafiəçisi Frenki de Yonq qırmızı vərəqə alıb.
Bu qələbə ilə “Barselona” tarixində 16-cı dəfə İspaniya Superkubokunun sahibi olub. Qeyd edək ki, ötən mövsümün finalında da “blauqrana” “Real”ı məğlub edərək kuboku qazanmışdı. Həmin görüş 5:2 hesabı ilə başa çatmışdı.