15 yanvar 2026. Cümə axşamı

Betankorun dublu “Real”ı kubokdan kənarlaşdırdı


Betankorun dublu “Real”ı kubokdan kənarlaşdırdı

İspaniya Kral Kubokunda (2025/2026 mövsümü) 1/8 final mərhələsinin oyunu başa çatıb.

90deqiqe.Az xəbər verir ki, ikinci liqa təmsilçisi “Albasete” doğma “Karlos Belmonte” stadionunda Madrid “Real”ını qəbul edib. Qarşılaşmanın baş hakimi Viktor Qarsiya Verdura olub.

Gərgin və dramatik keçən oyunda meydan sahibləri sensasiyalı qələbə qazanıblar — 3:2.

Matçda hesabı 42-ci dəqiqədə “Albasete”nin yarımmüdafiəçisi Xavi Vilyar açıb. İlk hissəyə əlavə olunmuş 45+3-cü dəqiqədə argentinalı Franko Mastantuono “Real”ın bərabərlik qolunu vurub.

82-ci dəqiqədə hücumçu Xefte Betankor yenidən “Albasete”ni hesabda önə çıxarıb. Madrid təmsilçisi 90+1-ci dəqiqədə Qonsalo Qarsiyanın qolu ilə tarazlığı bərpa etsə də, 90+4-cü dəqiqədə yenidən səhnəyə çıxan Betankor dubl edərək komandasına qələbə qazandırıb.

Beləliklə, Madrid “Real”ı İspaniya Kuboku ilə vidalaşıb. Bu qarşılaşma “kral klubu” üçün yeni baş məşqçi Alvaro Arbeloanın rəhbərliyi altında ilk oyun olub. O, bu vəzifədə daha əvvəl komandaya rəhbərlik edən Xabi Alonsonu əvəz edib.







İspaniya L.L.