- İspaniya L.L.
- 23:24 26.02.2026
İspaniyanın "Barselona" klubunun baş məşqçisi Hans-Diter Flik "Kral Kuboku"nun yarımfinalında "Atletiko Madrid"ə qarşı ilk oyunda buraxılan dörd cavabsız qoldan (0:4) sonra finala yüksəlmək şanslarını dəyərləndirib.
90deqiqe.Az-ın məlumatına görə, alman mütəxəssis geridönüşün çətin, lakin mümkün olduğunu bildirib:
“Dörd top fərqini aradan qaldıraraq ardıcıl ikinci dəfə "Kral Kuboku"nun finalına çıxmaq çətindir, amma mümkündür. Əsas məsələ inanmaqdır. Biz 90 dəqiqə və daha artıq müddətdə maksimum səviyyədə oynamağa qadirik”.
Flik azarkeş dəstəyinin vacibliyini də vurğulayıb:
“Finala çıxmaq demək olar ki, arzudur. Buna görə də ‘Kamp Nou’ çox önəmlidir. Evdə oynayarkən hər şey mümkündür. Komanda ilə azarkeşlər arasında bağ olanda bu, möhtəşəm hissdir. Martın 3-də buna ehtiyacımız olacaq”.
Qeyd edək ki, İspaniya Kubokunun son qalibi “Barselona”dır. Kataloniya təmsilçisi ötən mövsümün finalında "Real Madrid"i əlavə vaxtda 3:2 hesabı ilə məğlub etmişdi.