- İspaniya L.L.
- 23:35 02.03.2026
Madrid “Real”ı komandanın əsas hücumçusu Kilian Mbappenin zədəsi ilə bağlı rəsmi məlumat yayıb.
90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, fransalı mütəxəssislər tərəfindən, “kral klubu”nun tibbi heyətinin nəzarəti altında aparılan müayinədən sonra futbolçuya sol diz bağlarının dartılması diaqnozu qoyulub. Hazırda Mbappe konservativ müalicə kursu keçir və onun vəziyyəti daim nəzarətdə saxlanılır.
Xatırladaq ki, daha əvvəl 25 yaşlı forvardın müalicə prosesindən narazı qaldığı və bu səbəbdən Parisə yollanaraq əlavə tibbi rəy aldığı bildirilirdi. O, bu səbəbdən Çempionlar Liqasının pley-off mərhələsində “Benfika” ilə keçirilən cavab matçını buraxmışdı.
Hazırkı müalicə planı əməliyyata ehtiyac qalmadan futbolçunun bərpasını təmin etməyə hesablanıb. Çünki mümkün cərrahi müdaxilə onun uzun müddət yaşıl meydanlardan uzaq qalmasına səbəb ola bilər.
“Real” Mbappenin qayıdış müddətini açıqlamasa da, bərpa prosesinin müsbət istiqamətdə davam etdiyini vurğulayıb. Onun Çempionlar Liqasının 1/8 finalında “Mançester Siti” ilə oyunlara çatdırılması ehtimal olunur. Lakin martın 11-də baş tutacaq ilk qarşılaşmada iştirakı hələlik qeyri-müəyyəndir.
Qeyd edək ki, Mbappe cari mövsümdə “Real”ın heyətində bütün turnirlər daxil olmaqla 33 oyunda 38 qol və 6 məhsuldar ötürmə ilə komandanın əsas hücum gücü kimi çıxış edir.