- İspaniya L.L.
- 16:57 11.03.2026
Keçmiş belçikalı futbolçu Eden Hazard “Real Madrid”in braziliyalı hücumçusu Vinisius Juniorun karyerası barədə fikirlərini bölüşüb.
90deqiqe.Az xəbər verir ki, o, futbolçunun tez-tez tənqid və mübahisələrlə üzləşdiyini bildirib.
“Vinisius futbolu sevir, sadəcə meydana çıxıb bundan zövq almaq istəyir. Mən də vaxtilə belə idim. Onun haqqında danışarkən çox vaxt oyununu deyil, ətrafındakı qalmaqalları xatırlayırlar. İnsanlar onun nə qədər qeyri-adi futbolçu olduğunu tez-tez unudurlar.
Bəzən mən ona görə təəssüflənirəm. O, matç zamanı nələrlə qarşılaşacağını, onun haqqında nə danışıldığını bilir. Daim cəza barədə söhbətlər gedir, lakin real addımlar atılmır. Düşünürəm ki, bu, onun üçün ciddi stress yaradır. 30 yaşında karyerasını başa vursa, buna təəccüblənmərəm”, – deyə Eden Hazardın sözlərini "Madrid Xtra" nəşri sitat gətirib.
Qeyd edək ki, Vinisius Junior qarşıdakı yay 26 yaşını qeyd edəcək. Onun “Real Madrid” klubu ilə müqaviləsinin müddəti 2027-ci ildə başa çatır. Eden Hazard isə futbolçu karyerasını 32 yaşında başa vurub.