- İspaniya L.L.
- 01:16 05.04.2026
İspaniya La Liqasının 30-cu turunda "Real Madrid" komandasının "Malyorka" üzərində 1:2 hesablı məğlubiyyətindən sonra baş məşqçi Alvaro Arbeloa oyunu şərh edib.
90deqiqe.Az-ın məlumatına görə, mütəxəssis komandasının çıxışından narazı qaldığını bildirib:
“Bizə səbr və həftə ərzində gördüyümüz işin davamlılığı çatmadı. Oyunun gedişatını dəyişə və rəqib qapısına yol tapa bilmədik. Birinci hissədə ikinci hissə ilə müqayisədə daha yaxşı oynadıq. Fasilədən sonra isə komandada enerji və düşüncə aydınlığı çatışmadı.
Ən çətini futbolçulara izah etməkdir ki, bu gün yüz faiz yox, maksimum güclə oynamadan qalib gəlmək mümkün deyildi. Birinci hissədə üstün idik, lakin diqqətsizlik qapımızda qolla nəticələndi. Bir anlıq diqqət itirirsənsə, düzgün mövqe tutmursansa, rəqibi nəzarətsiz buraxırsansa və geri qayıtmırsansa, bunun cəzasını çəkirsən. Bu, yüksək səviyyədir, bu, La Liqadır. Məni ən çox məyus edən ikinci hissədə daha yaxşı oynaya bilməməyimizdir.
Bu məğlubiyyət tam mənə aiddir və bunu futbolçulara da demişəm. Qərarları mən verirəm, əvəzetmələri mən edirəm və oyunun necə qurulacağını mən müəyyənləşdirirəm. İndi isə onların bütün diqqətini növbəti vacib qarşılaşmaya yönəltməsi lazımdır. Paltardəyişmə otağından çıxarkən yalnız "Bavariya" haqqında düşünməlidirlər”.
Qeyd edək ki, "Real Madrid" 30 turdan sonra 69 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. "Malyorka" isə 31 xalla 15-ci sırada yer alaraq təhlükəli zonadan uzaqlaşıb.
Növbəti turda Alvaro Arbeloanın komandası 10 aprel tarixində doğma meydanda "Jirona" ilə qarşılaşacaq. "Malyorka" isə 12 aprel tarixində "Rayo Valyekano" ilə üz-üzə gələcək.