- İspaniya L.L.
- 15:37 11.05.2026
“Barselona”nın sabiq argentinalı futbolçusu Xavyer Maskerano “Atletiko”nun hücumçusu Xulian Alvaresin Kataloniya klubuna mümkün keçidi ilə bağlı fikirlərini bölüşüb.
90deqiqe.Az-ın “ Barça Universal"a istinadən məlumatına görə, keçmiş yarımmüdafiəçi argentinalı oyunçunun “Barselona”da çıxış etməsinin sevindirici olacağını bildirib:
“Xulian Alvaresi “Barselona”da görmək əla olardı. Klubda daha bir argentinalı futbolçunun çıxış etməsi çox xoş olardı. Xüsusilə də orada oynamış şəxslər üçün bu, qürurvericidir. Öz ölkəndən birinin həmin komandada olması insana xüsusi hisslər yaşadır”, – deyə Maskerano vurğulayıb.
Qeyd edək ki, Xavyer Maskerano 2010–2018-ci illərdə “Barselona”nın formasını geyinib. O, peşəkar futbolçu karyerasını 2020-ci ildə başa vurub.
Xarici mətbuatda yayılan məlumatlara görə, Xulian Alvares yay transfer dönəmində “Barselona”nın əsas hədəflərindən biridir. Lakin Madrid klubunun yüksək maliyyə tələbləri transferin reallaşmasını çətinləşdirir.