- İspaniya L.L.
- 23:23 11.05.2026
Madrid “Atletiko”sunun və ABŞ millisinin yarımmüdafiəçisi Conni Kardozo sağ topuq nahiyəsindən aldığı zədə səbəbindən dünya çempionatında iştirak etməyəcək.
90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, futbolçuya əməliyyat olunacaq və cərrahi müdaxilə yaxın çərşənbə axşamı Barselonada həyata keçiriləcək.
Kardozo 7 mayda keçirilən məşq zamanı zədə alıb. Bundan sonra o, topuq vəziyyəti ilə bağlı əlavə tibbi məsləhət almaq üçün Kataloniyaya yollanıb. Aparılan müayinələrdən sonra əməliyyatdan qaçmağın mümkün olmadığı dəqiqləşib.
Klubun planına görə, futbolçunun bərpa prosesi ağırlaşmasız keçməli və o, yayda mövsümöncəsi hazırlığa tam hazır vəziyyətdə qoşulmalıdır. İlkin proqnozlara əsasən, əməliyyat və reabilitasiya futbolçunun gələn mövsümün startına qədər tam sağalmasına imkan verəcək.
Cari mövsümdə topuq zədələri Kardozoya Dieqo Simeonenin komandasında möhkəmlənməyə mane olub. Buna baxmayaraq, məşqçilər korpusu 24 yaşlı futbolçunu orta xəttin vacib üzvlərindən biri kimi görməyə davam edir.