- İspaniya L.L.
- 01:08 24.05.2026
“İnter” və “Arsenal”ın sabiq futbolçusu Patrik Vieyra Joze Mourinyonun “Real Madrid”in baş məşqçisi təyin olunması ehtimalına münasibət bildirib.
90deqiqe.Az xəbər verir ki, “La Gazzetta dello Sport” sabiq futbolçunun dediklərini belə çatdırıb.
“Mourinyo ‘Real’da? Bəli, o uyğun seçim ola bilər. O, çempionlarla necə işləməyi bilir. Bizim münasibətimiz həmişə yaxşı olmayıb, amma zaman keçdikcə onun haqlı olduğunu anladım. Nə baş vermişdi? O, mənə eşitmək istəmədiyim sözləri demişdi.
2009-cu ilin martı idi, ‘Mançester Yunayted’ – ‘İnter’ oyunu. Zədədən qayıdırdım və Mourinyo mənə dedi: ‘Sən əsas heyətdə oynayacaqsan, 60 dəqiqə meydanda olacaqsan’. Dörd dəqiqə sonra Vidiclə dueldə nəzarəti itirdim və o qol vurdu. Fasilədə tablonu gördüm — mən əvəzləndim, Muntari meydana çıxdı.
Ertəsi gün onun otağına getdim, 60 dəqiqəlik vədi pozmuşdu. O isə dedi: ‘Sən pis oynadın, mən komanda üçün ən doğru qərarı verməliyəm’. Bu gün məşqçi kimi deyirəm ki, o haqlı idi”
Qeyd edək ki, Vieyra 2008–2010-cu illərdə Mourinyonun rəhbərliyi altında “İnter”də çıxış edib.