- İspaniya L.L.
- 23:00 07.06.2026
"Barselona"nın hücumçusu Lamin Yamal 2025-ci ildə "Qızıl top" mükafatını PSJ-nin futbolçusu Usman Dembelenin qazanmasına münasibət bildirib.
90deqiqe.Az xəbər verir ki, gənc futbolçu həmin vaxt mükafata özünün layiq görüldüyünü düşündüyünü etiraf edib.
"Düzünü desəm, "Qızıl top"u mənim qazanacağımı düşünürdüm. Amma indi geriyə baxanda hesab edirəm ki, Dembelenin qalib gəlməsi mənim üçün faydalı oldu. Bu, həm şəxsi inkişafıma kömək etdi, həm də düşünürəm ki, o vaxt hələ uşaq idim və bu mükafatın əsl dəyərini tam anlaya bilməzdim"
İspaniyalı futbolçu Dembele ilə münasibətlərinin çox yaxşı olduğunu da vurğulayıb.
"Onunla çox vaxt keçirmişəm, tez-tez danışmışıq. Hətta bir neçə gün əvvəl mənimlə əlaqə saxlayaraq halımı soruşdu. Hələ də ünsiyyət saxlayırıq və aramızda əla münasibət var", - deyə o əlavə edib.
Xatırladaq ki, 2025-ci ilin "Qızıl top" səsverməsində Usman Dembele birinci, Lamin Yamal isə ikinci yeri tutmuşdu.