- İspaniya L.L.
- 23:57 12.06.2026
"Barselona" klubu Madrid "Real"ının prezidenti Florentino Peresə qarşı böhtan ittihamı ilə hüquqi prosedura başladığını bildirib.
90deqiqe.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Klubun bəyanatında qeyd olunub ki, Florentino Peresin mayın 12-də keçirdiyi mətbuat konfransında və ertəsi gün mediaya verdiyi açıqlamalarda səsləndirdiyi fikirlərlə əlaqədar olaraq, İspaniya qanunvericiliyinə uyğun şəkildə şikayət verilməzdən əvvəl məcburi barışıq müraciəti təqdim edilib.
"Bu hüquqi addımın məqsədi cənab Peresin həqiqətə uyğun olmayan və klubun nüfuzuna xələl gətirən bəzi açıqlamalarını yalan olduğunu etiraf etməklə təkzib etməsinə nail olmaqdır.
Əgər bu tələb lazımi qaydada təmin edilməzsə, "Barselona" klubu müvafiq cinayət işi üzrə rəsmi şikayət verəcək", - deyə açıqlamada bildirilib.
Xatırladaq ki, Florentino Peres jurnalistlərlə görüşü zamanı "Barselona" ilə Hakimlərin Texniki Komitəsinin sabiq vitse-prezidenti Xose Mariya Neqreyra arasında əməkdaşlıqda korrupsiya əlamətlərinin olduğunu iddia etmişdi.
Peres həmçinin bu işlə bağlı sənədlərin Avropa Futbol Assosiasiyaları İttifaqına təqdim olunduğunu açıqlamışdı.