- İspaniya L.L.
- 22:18 25.07.2026
"Kamp Nou" stadionunun yenidənqurma işləri zamanı baş vermiş bədbəxt hadisə nəticəsində həyatını itirən 54 yaşlı işçinin ailəsinə "Barselona" klubu başsağlığı verib.
90deqiqe.Az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin rəsmi açıqlamasında bildirilib.
Məlumata görə, faciə cümə günü stadionda aparılan tikinti işləri zamanı baş verib. Cadena SER nəşrinin rəsmi təsdiqini tapmayan məlumatına əsasən, işçi qaldırıcı platformada boya işləri apararkən tikinti tirinə çırpılıb və aldığı xəsarətlər nəticəsində həyatını itirib.
"Barselona"nın bəyanatında deyilir:
"Klubumuz "Kamp Nou"nun yenidənqurulması zamanı baş vermiş istehsalat qəzasında həyatını itirən işçinin vəfatından dərin kədər hissi keçirir."
Klub prezidenti Joan Laporta da həlak olan şəxsin ailəsinə şəxsən başsağlığı verib və "Barselona"nın ailəyə lazım olan bütün dəstəyi göstərəcəyini bildirib.
Hadisə ilə bağlı araşdırmanı Kataloniya Polisi və regionun Biznes və Əmək Departamenti aparır.
Qeyd edək ki, bu, 2023-cü ildə stadionun yenidənqurma işlərinə başlanıldıqdan sonra tikinti meydançasında qeydə alınan ilk ölüm hadisəsidir.