- İspaniya L.L.
- 00:24 30.07.2026
"Barselona"nın hücumçusu Ferran Torresin bu yay komandada qalacağı gözlənilir.
90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Matteo Moretto məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, Kataloniya klubu ispaniyalı forvardı buraxmaq niyyətində deyil. Buna səbəb "Barselona"nın onun yerini doldura biləcək alternativ futbolçuya malik olmamasıdır.
Qeyd olunur ki, Ferran Torres də hazırda "Barselona"da çıxış etməkdən məmnundur. Bununla belə, onun 2027-ci ilin yayında müqaviləsinin başa çatmasının ardından azad agent kimi komandadan ayrılması istisna edilmir.
Məlumata görə, futbolçunun xidmətində Madrid "Atletiko"sunun və PSJ-nin maraqlı olduğu bildirilir.
Xatırladaq ki, Ferran Torres 2022-ci ildə "Mançester Siti"dən "Barselona"ya 55 milyon avro qarşılığında transfer olunub. Onun Kataloniya klubu ilə müqaviləsinin müddəti 2027-ci il iyunun 30-dək nəzərdə tutulub.
27 yaşlı hücumçu ötən mövsüm "Barselona"nın heyətində bütün turnirlər daxil olmaqla 49 oyunda meydana çıxıb, 21 qola imza atıb və üç məhsuldar ötürmə ilə yadda qalıb.