- İspaniya L.L.
- 00:24 30.07.2026
"Barselona" 2026/27 mövsümünə hazırlıq çərçivəsində Mərakeşdə keçirəcəyi yoldaşlıq oyununun əsas detallarını müəyyənləşdirib.
90deqiqe.Az xəbər verir ki, bu barədə "Goal" nəşri məlumat yayıb.
Bildirilib ki, qarşılaşma avqustun 15-də Tanjer şəhərində keçiriləcək. Kataloniya təmsilçisinin rəqibi Mərakeş çempionatının klublarından biri olacaq.
Mənbənin məlumatına görə, bu seçimin səbəbi Mərakeş çempionatının yalnız oktyabr ayında başlamasıdır. Bu isə yerli komandaların yoldaşlıq görüşləri keçirməsinə imkan yaradır.
Qeyd olunur ki, Mərakeşdə keçiriləcək qarşılaşma "Barselona"nın yeni mövsüm başlamazdan əvvəl sonuncudan əvvəlki sınaq oyunu olacaq. Hansi Flikin komandası avqustun 19-da Joan Qamper Kuboku uğrunda Misirin "Əl-Əhli" klubu ilə üz-üzə gələcək.
Bundan əvvəl isə Kataloniya təmsilçisi bir neçə yoxlama görüşü keçirəcək. Hazırda İngiltərədə təlim-məşq toplanışında olan "Barselona" iyulun 31-də "Birmingem", avqustun 3-də isə "Preston Nort End"lə qarşılaşacaq.
Avqustun 8-də komanda yoldaşlıq turnirində iştirak etmək üçün İtaliyaya yollanacaq. Turnir çərçivəsində "Barselona" İngiltərənin "Nottingem Forest" və İtaliyanın "Udineze" klubları ilə qarşılaşacaq.