- İspaniya L.L.
- 23:54 31.07.2026
İspaniyanın "Levante" klubundan "Real Madrid"ə transfer olunan hücumçu Karlos Espinin illik qazancı yeni komandasında əhəmiyyətli dərəcədə artıb.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə "Sport.es" məlumat yayıb.
Məlumata görə, 21 yaşlı futbolçunun illik maaşı "Levante"də aldığı 420 min avrodan 3,36 milyon avroya yüksəlib. Gənc hücumçunun "Kral klubu" ilə imzaladığı müqavilə 2031-ci ilin yayına qədər nəzərdə tutulub.
"Real Madrid" Karlos Espinin transferini iyulun 30-da rəsmən açıqlayıb. Tanınmış insayder Fabritsio Romano isə Madrid təmsilçisinin futbolçunun müqaviləsində yer alan 25 milyon avroluq satınalma bəndini aktivləşdirdiyini bildirib.
Karlos Espi ötən mövsüm bütün turnirlərdə 27 oyunda meydana çıxaraq 13 qol vurub. Onun "Levante" ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər qüvvədə idi.
Transfermarkt portalının məlumatına əsasən, gənc hücumçunun hazırkı bazar dəyəri 20 milyon avro təşkil edir.