- İspaniya L.L.
- 01:23 07.08.2026
İspaniyanın “Barselona” klubu Mərakeş təmsilçisi “İttihad Riadı Tanjer”lə keçirilməsi planlaşdırılan yoldaşlıq oyununu ləğv edib.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə Kataloniya klubunun rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, qarşılaşmanın baş tutmamasına səbəb İspaniyanın Seuta anklavı ətrafında miqrasiya böhranı fonunda yaranan mürəkkəb təhlükəsizlik vəziyyəti olub.
Görüşün avqustun 15-də keçirilməsi nəzərdə tutulmuşdu.
Bu, “Barselona”nın cari mövsümlərarası hazırlıq mərhələsində ləğv olunan ikinci yoldaşlıq matçıdır. Daha əvvəl kataloniyalılar İngiltərənin “Preston” klubu ilə qapalı formatda oyun keçirməyi planlaşdırmışdı. Lakin ingilis komandasının əsas heyətdə kifayət qədər futbolçu olmaması səbəbindən həmin qarşılaşma da baş tutmayıb.
Bunun əvəzinə “Barselona” futbolçuları arasında ikitərəfli məşq oyunu təşkil edib.
Kataloniya klubunun növbəti təsdiqlənmiş görüşü Misirin “Əl-Əhli” komandasına qarşı keçiriləcək. Qarşılaşma Joan Qamper Kuboku çərçivəsində avqustun 19-da baş tutacaq.
“Barselona” avqustun 23-də İspaniya La Liqasında çempionluq titulunu qorumaq üçün ilk rəsmi oyununa çıxacaq. Kataloniyalılar mövsümə səfərdə “Elçe”yə qarşı matçla başlayacaqlar.