10 avqust 2026. Bazar ertəsi

Levandovski “Barselona”nın əfsanələri sırasına daxil edildi


Levandovski “Barselona”nın əfsanələri sırasına daxil edildi

İspaniyanın “Barselona” klubu polşalı hücumçu Robert Levandovskinin adını rəsmi saytında “Əfsanələr” bölməsinə daxil edib.

90deqiqe.Az-ın məlumatına görə, 36 yaşlı forvard 2022-ci ilin yayında Almaniyanın “Bavariya” klubundan “Barselona”ya keçib. Kataloniya təmsilçisi ilə 4 illik müqaviləsi başa çatdıqdan sonra futbolçu 2026-cı ilin yayında komandadan ayrılıb.

Levandovski “Barselona”dakı ilk mövsümündə La Liqa çempionu olub və 23 qolla turnirin bombardiri adını qazanıb. O, ikinci mövsümündə bütün turnirlərdə 26 qol vurub.

Polşalı hücumçunun üçüncü mövsümü isə daha məhsuldar keçib. Levandovski bütün turnirlərdə 42 dəfə fərqlənərək komandasının İspaniya çempionluğu və Kral Kubokunu qazanmasında mühüm rol oynayıb. Həmin mövsümdə o, həmçinin “Barselona”da və UEFA Çempionlar Liqasında 100 qol həddini keçib.

2025/2026 mövsümündə əsasən rotasiya oyunçusu kimi çıxış edən Levandovski buna baxmayaraq 19 qola imza atıb.

Ümumilikdə “Barselona”nın heyətində bütün turnirlərdə 120 qol vuran polşalı futbolçu klubun tarixində ən məhsuldar bombardirlər siyahısında 14-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, Robert Levandovski hazırda MLS-də çıxış edən “Çikaqo Fayr” klubunun formasını geyinir.







İspaniya L.L.