- İspaniya L.L.
- 22:56 22.11.2024
La Liqanın 10-cu turunda keçiriləcək "Barselona" - "Real" oyununun yeri dəyişdirilə bilər.
Corner.az İspaniya mətbuatına istinadən xəbər verir ki, La Liqa rəhbərliyi "Nou Kamp"da keçiriləcək bu mövsümün ilk "El Klassiko"sunun Madriddə oynanılmasını istəyir. Buna səbəb Kataloniyada siyasi məsələlər səbəbindən baş verən etirazlardır. Buna görə qurum İspaniya Futbol Federasiyasına "El Klassiko"nun yerinin dəyişdirilməsi ilə bağlı müraciət edib.
Ancaq federasiya hələlik bu təklifə münasibət bildirməyib.
"Barselona" və "Real" isə görüşün yerinin dəyişdirilməsi təklifinə qarşıdır. Kataloniya təmsilisi hesab edir ki, ilk matç əvvəlcədən açıqlandığı kimi "Nou Kamp"da keçirilməldir. Madrid klubu isə təhlükəsizlik problemi olacağı təqdirdə, oyunun təxirə salınmasının tərəfdarıdır.
Bildirilir ki, məsələ ilə bağlı son qərarı La Liqa, İspaniya Futbol Federasiyası nümayəndəsi və müstəqil komitə üzvü Lukas Osorionun yer aldığı xüsusi komitə verəcək.
Qeyd edək ki, "Barselona" - "Real" görüşünün oktyabrın 26-ı keçiriləcəyi açıqlanıb. (Qol.az)