- İspaniya L.L.
- 23:00 10.08.2026
İsveçrənin “Bazel” klubu “Barselona” ilə yoldaşlıq görüşü öncəsi bilet satışını müvəqqəti dayandırıb.
90deqiqe.Az-ın “Barca Universal”a istinadən məlumatına görə, qarşılaşmaya böyük maraq olduğu üçün bilet satışının həyata keçirildiyi internet saytı serverlərə edilən çoxsaylı sorğuların öhdəsindən gələ bilməyib.
Avqustun 16-da “Sent-Yakob Park” stadionunda keçiriləcək qarşılaşmanı 38 mindən bir qədər çox azarkeşin izləməsi mümkündür. Bilet satışı üçün nəzərdə tutulan sayta yüz milyonlarla sorğu daxil olub və sistem yüklənməyə tab gətirməyib.
“Bazel” günün ikinci yarısında sistemi bərpa etməyə çalışsa da, görülən tədbirlər kifayət etməyib. Bilet satışının çərşənbə axşamı yenidən başlanacağı gözlənilir.
Qeyd edək ki, “Bazel”lə oyun “Barselona” üçün “Tanjer”lə baş tutmalı olan görüşün əvəzinə təşkil olunub. Avqustun 15-də Mərakeşdə keçirilməsi planlaşdırılan həmin qarşılaşma təhlükəsizliklə bağlı problemlərə görə ləğv edilib.
“Barselona”nın baş məşqçisi Hans-Diter Flikin “Bazel”lə matçda əsas heyət futbolçularının böyük əksəriyyətinin xidmətindən yararlana biləcəyi gözlənilir. Kataloniya təmsilçisinin bu həftə tam heyətlə məşqləri bərpa edəcəyi bildirilir.