12 avqust 2026. Çərşənbə

“İlk məşqdə hər kəsdən fərqlənirdi”


“İlk məşqdə hər kəsdən fərqlənirdi”

Qətərin “Əl-Əhli” klubunun baş məşqçisi Borxa Ximenes Madrid “Real”ına yeni transfer olunan Yan Diomande barədə maraqlı açıqlamalar verib.

90deqiqe.Az-ın məlumatına görə, mütəxəssis “AS” nəşrinə açıqlamasında fil dişi sahilili futbolçunun ilk məşqdən öz istedadı ilə seçildiyini bildirib.

“Mən karyerasının ilk mərhələsində Yeremay Ernandeslə işləmək şansı əldə etmişdim. O da xüsusi futbolçudur. Amma Yanın ilk məşqdə göstərdikləri tamamilə başqa səviyyədə idi. 18 yaşında o, komandamızda heç kimin edə bilmədiyi şeyləri edirdi”, – deyə Ximenes bildirib.

19 yaşlı futbolçunun “Real Madrid”də qarşılaşacağı təzyiqə də hazır olduğunu düşünən mütəxəssis onun “Santyaqo Bernabeu” stadionunda azarkeşləri ayağa qaldıracağına əmin olduğunu vurğulayıb.

“Aydındır ki, “Real Madrid”də o, çox tez başa düşəcək ki, tələblər və medianın diqqəti əvvəl üzləşdiyi təzyiqlərlə müqayisəolunmazdır. Lakin onun xüsusi futbolçu olduğunu sübut etmək bacarığına tam əminəm. Şübhə etmirəm ki, ilk gündən öz oyunu ilə “Bernabeu”da azarkeşləri ayağa qaldıracaq”, – deyə baş məşqçi qeyd edib.

Ximenes həmçinin Diomandenin “Leqanes B”nin heyətində əsas komanda ilə keçirdiyi ilk yoxlama oyunundakı çıxışının videosunu saxladığını açıqlayıb. Mütəxəssis həmin qarşılaşmada gənc futbolçunun əsl şou göstərdiyini bildirib.

“Bir gün bu video mütləq yayımlanacaq. Bilirəm ki, həmin görüntülərə böyük maraq var, amma hər şeyin öz vaxtı var. Düşünürəm ki, video yayımlandıqda heç kim Yanın orada etdiklərinə təəccüblənməyəcək. Çünki sonradan onun peşəkar futbolda da dəfələrlə buna bənzər çıxışlarının şahidi olduq”, – Ximenes deyib.

Qeyd edək ki, məhz Ximenes Diomandeyə 18 yaşında “Leqanes”in əsas komandasında debüt etmək şansı verib.Diomande ötən mövsüm “Leypsiq”in heyətində 36 oyuna çıxıb. O, bu görüşlərdə 15 qol vurub və 11 məhsuldar ötürmə edib.







İspaniya L.L.