- İspaniya L.L.
- 00:25 15.08.2026
İspaniyanın “Atletiko” klubu Fransanın “Marsel” komandasına qarşı keçirdiyi yoxlama oyununda qələbə qazanıb.
90deqiqe.Az-ın məlumatına görə, “Velodrom” stadionunda baş tutan qarşılaşma Madrid təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Matçın 12-ci dəqiqəsində “Atletiko”nun futbolçusu Lukman topu dirəyə vurub. 23-cü dəqiqədə isə hesab açılıb. “Marsel”in futbolçusu Timoti Veah sağ cinahdan cərimə meydançasına ötürmə edib. Nəzarətsiz qalan İqor Payşao irəli çıxan Yan Oblakı topun üzərindən aşıraraq hesabı açıb.
Fasiləyə az qalmış Madrid klubu hesabı bərabərləşdirib. 41-ci dəqiqədə Rodri Mendoza rəqib müdafiəçinin uğursuzluğundan sonra topu ələ keçirərək yaxın küncə dəqiq zərbə endirib - 1:1.
İkinci hissədə “Marsel” yenidən hesabda önə keçməyə yaxın olub. 61-ci dəqiqədə Qeiri topu qapının üst dirəyinə vurub.
Qarşılaşmanın 80-ci dəqiqəsində isə “Atletiko” qələbə qolunu vurub. Ortisin ötürməsindən sonra Kris Martin müqavimətsiz şəkildə boş qapıya zərbə endirib və komandasına qələbə qazandırıb.
Qeyd edək ki, “Atletiko” La Liqanın yeni mövsümündə ilk oyununu avqustun 19-da “Malaqa”ya qarşı keçirəcək.