- İspaniya L.L.
- 23:22 17.08.2026
İspaniya millisinin və “Mançester Siti”nin yarımmüdafiəçisi Rodri “Barselona”ya transferini rəsmiləşdirmək üçün Kataloniyaya gedib.
90deqiqe.Az-ın “Marca”ya istinadən məlumatına görə, 30 yaşlı futbolçu avqustun 17-də axşam saatlarında Barselonaya çatıb.
Rodri hava limanında jurnalistlərin suallarını cavablandırıb.
“Şadam. Son günlər olduqca gərgin keçdi, hər şeyin həll olunmasına görə xoşbəxtəm. Əlbəttə, “Barselona”da oynamaq arzudur. Komandaya mümkün qədər tez qoşulmaq istəyirəm. Futbolçuların əksəriyyətini artıq tanıyıram. Çempionlar Liqasına gəlincə, bütün titullar uğrunda mübarizə aparacağıq”, – deyə o bildirib.
Rodrinin çərşənbə axşamı səhər tibbi müayinədən keçəcəyi gözlənilir. Bundan sonra “Barselona”nın transferi rəsmən açıqlayacağı bildirilir.
Qeyd edək ki, “Barselona” və “Mançester Siti” Rodrinin transferi ilə bağlı 76,5 milyon avro məbləğində razılığa gəliblər. Bu məbləğin 60 milyon avrosu sabit ödəniş, qalan hissəsi isə bonuslar şəklində nəzərdə tutulub.