- İspaniya L.L.
- 00:38 23.08.2026
İspaniya La Liqasının 2026/27 mövsümünün ikinci turunda şənbə günü iki qarşılaşma keçirilib.
90deqiqe.Az-ın məlumatına görə, “Atletik Bilbao” doğma meydanda “Sevilya”nı qəbul edib. Qarşılaşma qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Bilbao təmsilçisi artıq 11-ci dəqiqədə azlıqda qalıb. Yuri Berçiş qırmızı vərəqə alaraq meydandan qovulub.
“Sevilya” say üstünlüyündən cəmi 4 dəqiqə sonra yararlanıb. Osu 15-ci dəqiqədə hesabı açıb.
İkinci hissədə qonaqlar üstünlüyünü daha da artırıb. 50-ci dəqiqədə Çidera Ecueke İsaak Romeronun ötürməsindən sonra fərqlənərək hesabı 2:0-a çatdırıb.
57-ci dəqiqədə Romero “Sevilya”nın üçüncü qolunu vurub. “Atletik” 70-ci dəqiqədə Aitor Paredesin qolu ilə fərqi azaltsa da, görüşdə başqa qol olmayıb. Beləliklə, “Sevilya” səfərdən 3 xalla qayıdıb.
Turun digər qarşılaşmasında “Valensiya” doğma meydanda “Selta” ilə qarşılaşıb.
Meydandakı mübarizə bərabər keçdiyindən ilk hissədə komandalar hesabı aça bilməyib.
Fasilədən sonra “Valensiya” fəallığını artıraraq qələbə qolunu axtarıb. Lakin “Selta”nın müdafiəsi etibarlı oynayıb və meydan sahiblərinə fərqlənməyə imkan verməyib.
Matçın sonlarına yaxın Viqo təmsilçisi topa daha çox nəzarət etsə də, hesab dəyişməyib.
Beləliklə, “Valensiya” və “Selta” 0:0 hesablı heç-heçə ilə kifayətlənib və hər iki komanda aktivinə bir xal yazdırıb.