- İspaniya L.L.
- 23:19 23.08.2026
İspaniya La Liqasının 2026/27 mövsümünün 2-ci turunda Madrid “Atletiko”su doğma meydanda “Vilyarreal”ı qəbul edib.
90deqiqe.Az-ın məlumatına görə, “Civitas Metropolitano” stadionunda keçirilən qarşılaşma 2:2 hesablı heç-heçə ilə başa çatıb.
Hesab 59-cu dəqiqədə açılıb. “Atletiko”nun müdafiəçisi Mark Pubily meydan sahiblərini önə keçirib. “Vilyarreal” 66-cı dəqiqədə penaltidən yararlanaraq tarazlığı bərpa edib. Qonaqların hücumçusu Xerar Moreno 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib.
“Atletiko” 76-cı dəqiqədə azlıqda qalıb. Müdafiəçi Robin Le Normand qırmızı vərəqə alaraq meydandan qovulub.
Say üstünlüyündən yararlanan “Vilyarreal” 78-ci dəqiqədə ikinci dəfə fərqlənib. Jorj Mikautadze penaltini dəqiq yerinə yetirərək komandasını önə keçirib.
Lakin Madrid təmsilçisi məğlubiyyətdən qaçmağı bacarıb. 86-cı dəqiqədə Culiano Simeone hesabı 2:2 edib və görüş bu nəticə ilə yekunlaşıb.
Qeyd edək ki, “Atletiko”nun hücumçusu Xulian Alvares 67-ci dəqiqədə meydana daxil olub.
Ötən mövsüm “Atletiko” 69 xalla La Liqanı 4-cü, “Vilyarreal” isə 72 xalla 3-cü pillədə başa vurub.
Növbəti turda “Atletiko” avqustun 29-da səfərdə “Sevilya” ilə qarşılaşacaq. “Vilyarreal” isə bir gün əvvəl doğma meydanda “Alaves”i qəbul edəcək.