- İspaniya L.L.
- 01:40 24.08.2026
“Barselona”nın yarımmüdafiəçisi Qavi La Liqanın “Elçe” ilə səfər matçında ilk hissəni başa çatdıra bilməyib.
90deqiqe.Az-ın məlumatına görə, 22 yaşlı futbolçu Kataloniya təmsilçisinin start heyətində meydana çıxıb. Lakin qarşılaşmanın 45-ci dəqiqəsində yerə yıxılan Qavi oyunu davam etdirə bilməyib və əvəzlənib. Meydanı tərk edərkən yarımmüdafiəçinin göz yaşlarını saxlamaqda çətinlik çəkdiyi diqqət çəkib. Onun əvəzinə Pedri oyuna daxil olub.
Qavinin zədəsinin nə dərəcədə ciddi olduğu ilə bağlı məlumatın daha sonra açıqlanacağı gözlənilir.
Qeyd edək ki, Qavi daha əvvəl də uzunmüddətli zədə səbəbindən meydanlardan kənarda qalıb. O, ötən ilin avqustundan bu ilin martına qədər cərrahi müdaxilə tələb edən diz zədəsi səbəbindən futbol oynaya bilməyib. Bundan əvvəl isə 2023-cü ilin noyabrından 2024-cü ilin sentyabrına qədər çarpaz bağlarının qopması səbəbindən müalicə olunub.