25 avqust 2026. Çərşənbə axşamı

“Barselona” azarkeşlərə qarşı polis müdaxiləsini pislədi


“Barselona” azarkeşlərə qarşı polis müdaxiləsini pislədi

“Barselona” La Liqanın ikinci turunda “Elçe” ilə matçdan əvvəl azarkeşlərə və klub üzvlərinə qarşı güc tətbiq edilməsini pisləyib.

90deqiqe.Az-ın məlumatına görə, Kataloniya təmsilçisi bununla bağlı rəsmi açıqlama yayıb.

Klub xüsusilə “Barselona” azarkeşlərindən birinin saxlanılmasına diqqət çəkib. Bildirilib ki, polisin hərəkətləri qeyri-mütənasib olub, güc tətbiqi isə əsassız və vaxtsız həyata keçirilib. “Barselona” saxlanılan azarkeşə və onun ailəsinə lazımi dəstəyi göstərməyə hazır olduğunu açıqlayıb.

Kataloniya klubu həmçinin polis əməkdaşlarının azarkeşlərdən Kataloniyanın “estelada” bayraqlarını götürməsindən təəssüfləndiyini bildirib. Açıqlamada vurğulanıb ki, “estelada” qanuni simvoldur və onun nümayiş etdirilməsi fikir ifadə etmək formasıdır. Bu halın özlüyündə nifrətə və ya zorakılığa çağırış kimi qiymətləndirilə bilməyəcəyi qeyd olunub.

“Barselona” baş verənlərlə bağlı izahat gözlədiyini açıqlayıb. Klub həm “Kamp Nou”da, həm də səfər matçlarında azarkeşlərinin hüquqlarını, ləyaqətini və fikir azadlığını qorumaq üçün zəruri tədbirlər görmək hüququnu özündə saxlayır.

Qeyd edək ki, “Barselona” La Liqanın ikinci turunda səfərdə “Elçe”ni 5:0 hesabı ilə məğlub edib.







İspaniya L.L.