- İspaniya L.L.
- 01:40 30.08.2026
İspaniya La Liqasının 2026/27 mövsümünün III turunda “Sevilya” doğma meydanda Madrid “Atletiko”sunu qəbul edib.
90deqiqe.Az-ın məlumatına görə, “Ramon Sançes Pisxuan” stadionunda keçirilən qarşılaşma qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.
“Atletiko” artıq 4-cü dəqiqədə hesabı açıb. Aleks Baena fərqlənərək Madrid klubunu önə keçirib.
26-cı dəqiqədə nigeriyalı futbolçu Ademola Lukman “matrasçılar”ın üstünlüyünü iki topa çatdırıb. 33-cü dəqiqədə isə Baena dublunu rəsmiləşdirərək hesabı 3:0 edib.
“Sevilya” ikinci hissədə fərqi azalda bilib. 66-cı dəqiqədə Migel Syerra meydan sahiblərinin yeganə qolunu vurub.
Qeyd edək ki, “Atletiko”nun hücumçusu Xulian Alvares bu qarşılaşmanın iştirak ərizəsinə daxil edilməyib.
Bu qələbədən sonra “Atletiko”nun xalları 7-yə yüksəlib və komanda La Liqanın turnir cədvəlinə başçılıq edir. “Sevilya” isə 6 xalla 5-ci pilləyə geriləyib.