- İspaniya L.L.
- 23:37 18.09.2026
“Barselona”nın idman direktoru Deku baş məşqçi Hans-Diter Flikin qapıçı seçimi ilə bağlı qərarından narazıdır.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə “El Nacional” məlumat yayıb.
“Barselona” həftə ərzində “Rasinq”i 7:2 hesabı ilə məğlub edib. Qarşılaşmada kataloniyalıların qapıçısı Joan Qarsiya zədələnib və fasilədə onu Voyçex Şesni əvəzləyib.
Məlumata görə, Deku Qarsiyanın zədələnməsindən sonra Flikin niyə Dominik Livakoviçi deyil, Şesnini meydana buraxdığını anlamayıb. Çünki xorvatiyalı qapıçı məhz Dekunun təşəbbüsü ilə yay transfer pəncərəsində “Barselona”ya cəlb olunub.
“Deku fiziki cəhətdən hazırlıqlı, rəqabətədavamlı və Qarsiyanın yoxluğunun komanda tərəfindən demək olar ki, hiss edilməməsini təmin edəcək vacib oyunlarda çıxış edə biləcək qapıçı istəyirdi. Lakin Flik klubun planlarına uyğun hərəkət etmək əvəzinə Şesnıya güvənməkdə davam etdi”, - deyə materialda bildirilib.
Deku hesab edir ki, Qarsiyanın olmadığı vaxt Livakoviç meydana çıxmırsa, onun transferinin mənası yoxdur. Bundan əlavə, klub daxilində xorvatiyalı qapıçının Şesnidən daha yaxşı fiziki formada olduğu düşünülür. Bu isə Flikin qərarını daha da sual altında qoyur. Bildirilir ki, almaniyalı mütəxəssis Livakoviçi qapıçılar arasında üçüncü seçim kimi müəyyənləşdirib.
Qeyd olunur ki, 31 yaşlı Livakoviç yaranmış vəziyyətlə bağlı izahat almaq və ikinci qapıçı olmaq üçün nə etməli olduğunu öyrənmək istəyir. O, Flikin qapıçı seçimində rəqabətə imkan verib-vermədiyini, yoxsa artıq ikinci qapıçını müəyyənləşdirib-müəyyənləşdirmədiyini bilmək istəyir.
Deku isə Flikin heyət seçiminə müdaxilə etmək niyyətində deyil. Bununla belə, o, yeni transferlərin komandaya cəlb olunarkən qarşıya qoyulan məqsədlərə uyğun şəkildə şans qazanmasını gözləyir. Livakoviçin üçüncü qapıçı statusunda qalması klub rəhbərliyində narahatlıq yaradır.