- İspaniya L.L.
- 22:58 22.09.2026
La Liqanın prezidenti Xavyer Tebasın “Real Madrid”i hakimlərə təzyiq göstərməkdə ittiham etməsindən sonra Madrid klubu bəyanat yayıb.
90deqiqe.Az klubun rəsmi saytına istinadla xəbər verir ki, Klub Tebasın açıqlamalarını sərt şəkildə tənqid edib və onun vəzifəsindən istifadə edərək “Real Madrid”ə qarşı hücumlar etdiyini bildirib.
“Klubumuz La Liqa prezidentinin tutduğu vəzifədən istifadə edərək hər çıxışında “Real Madrid”i gözdən salmasını və ona hücum etməsini qəbuledilməz hesab edir. La Liqada çıxış edən bütün klubların maraqlarını təmsil etməli və müdafiə etməli olan şəxsin dəfələrlə “Real Madrid”ə qarşı mövqe nümayiş etdirməsi ciddi narahatlıq doğurur”, – klubun bəyanatında bildirilib.
Madrid təmsilçisi Tebasın fəaliyyətini də “layiq olmayan” addım adlandırıb və La Liqanın başqa prezidentə ehtiyacı olduğunu vurğulayıb.
“İspaniya futbolunun təcili olaraq onu idarə edə biləcək, potensialını tam ortaya çıxaracaq və neytrallığın ən elementar prinsipinə riayət edəcək rəhbərə ehtiyacı olduğunu düşünürük”, – deyə “Real Madrid” qeyd edib.
Qeyd edək ki, “Real Madrid” “Atletiko”ya 1:2 hesabı ilə uduzduqdan sonra oyunda hakimlikdən narazılığını ifadə etmişdi.