- İspaniya L.L.
- 23:53 22.09.2026
La Liqa prezidenti Xavyer Tebas “Real Madrid”in İspaniya çempionatının rəhbərliyini tənqid edən açıqlamasına cavab verib.
90deqiqe.Az-ın məlumatına görə, “Marca” funksionerin dediklərini belə çatdırıb.
“Bir fikirlə tamamilə razıyam: La Liqa prezidenti turnirin sahibi deyil. Amma “Real Madrid”in prezidenti də deyil”
La Liqa rəhbəri bildirib ki, çempionatın idarəçiləri bütün klubların bərabərliyini və maraqlarını qorumalıdır. O, “Real Madrid”in hakimliklə bağlı iradlarına da münasibət bildirib:
“Arbitrin qərarını tənqid etmək qanunidir. Lakin hər epizodu sizə qarşı və ya sizin lehinizə olan təqibin sübutu kimi təqdim etmək tamam başqa məsələdir”.
Tebas La Liqa rəhbərinin müstəqilliyinin təzyiq altında qalmadan qərarlar qəbul etmək və bütün klublara eyni qaydaları tətbiq etməkdən ibarət olduğunu vurğulayıb.
“Hər kəsə hörmət edirəm. Heç kimə tabe deyiləm”, – deyə Tebas fikirlərini yekunlaşdırıb.
Qeyd edək ki, La Liqanın son turunda “Real Madrid” səfərdə “Atletiko”ya 1:2 hesabı ilə uduzub. Bu nəticədən sonra Madrid klubu turnir cədvəlində 4-cü pilləyə düşüb.