- İspaniya L.L.
- 13:58 23.09.2026
İspaniyanın “Valensiya” klubunun yeni baş məşqçisi müəyyənləşib.
90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, La Liqa təmsilçisi 67 yaşlı meksikalı mütəxəssis Xavyer Aqirre ilə anlaşmaya gəlib. Təcrübəli çalışdırıcı ilə mövsümün sonunadək müqavilə imzalanıb. Sazişdə anlaşmanın daha bir il uzadılması ilə bağlı bənd də yer alıb.
Xavyer Aqirrenin son iş yeri Meksika milli komandası olub. O, yığmaya 2026-cı il dünya çempionatında rəhbərlik edib və komanda 1/8 final mərhələsinədək irəliləyib.
Mütəxəssis daha əvvəl İspaniyanın “Atletiko”, “Espanyol”, “Leqanes” və “Malyorka” klublarında baş məşqçi kimi çalışıb. O, həmçinin Yaponiya və Misir milli komandalarına rəhbərlik edib.
Qeyd edək ki, İspaniya çempionatında 7 turdan sonra “Valensiya” 5 xalla turnir cədvəlində 19-cu pillədə qərarlaşıb. Komanda mövsümə Karlos Korberanın rəhbərliyi altında başlayıb, beş turdan sonra isə kollektivə müvəqqəti olaraq Oskar Sançes rəhbərlik edib.