25 sentyabr 2026. Cümə

"Nike" Benzemanın reklam çəkilişini ləğv etdi


"Nike" Benzemanın reklam çəkilişini ləğv etdi

“Real Madrid”in sabiq hücumçusu Kərim Benzema ilə bağlı “Nike” şirkətinin planlaşdırdığı reklam çəkilişi ləğv edilib.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə “The Athletic” məlumat yayıb.

Çəkiliş sentyabrın 24-də Londonda “Nike” və “Corteiz” şirkətlərinin birgə reklam kampaniyası çərçivəsində keçirilməli idi. Lakin çərşənbə günü axşam “Nike” Benzemanın komandasına layihənin ləğv edildiyini bildirib.

Qeyd olunur ki, şirkət futbolçunun ictimai keçmişini araşdırdıqdan sonra onun brendin dəyərlərinə uyğun gəlmədiyi qənaətinə gəlib.

Benzema 2021-ci ildə Fransa millisindəki sabiq komanda yoldaşı Matye Valbuenanı şantaj etmək cəhdində iştirakda təqsirli bilinib. Versal məhkəməsi futbolçunu bir il şərti həbs cəzasına və cəriməyə məhkum edib. Benzema isə ittihamları rədd edib.

Qeyd edək ki, Benzema 2007-ci ildən “Adidas”la əməkdaşlıq edirdi. Lakin futbolçunun şirkətlə müqaviləsinin müddəti yaxın zamanda başa çatıb. Bundan sonra onun nümayəndələri “Nike”la danışıqlara başlayıblar.

Benzemanın “Nike”ın səfiri kimi daha geniş rol alması da müzakirə olunub. Bununla belə, şirkət belə bir əməkdaşlıqla bağlı hazırda aktiv planların olmadığını bildirib.







İspaniya L.L.