27 sentyabr 2026. Bazar günü

Tebas “Mançester Siti”nin maliyyə işi ilə bağlı danışdı


Tebas “Mançester Siti”nin maliyyə işi ilə bağlı danışdı

La Liqanın prezidenti Xavyer Tebas İngiltərə Premyer Liqasının maliyyə qaydalarını pozmaqda təqsirli bilinən “Mançester Siti” ilə bağlı açıqlama verib.

90deqiqe.Az-ın məlumatına görə, Tebas sosial şəbəkə hesabında 2017-ci ildə Mançesterdə etdiyi çıxışı xatırladıb. O, həmin vaxt “Mançester Siti” və PSJ-nin maliyyə imkanlarının yalnız klubların adi fəaliyyətindən deyil, böyük xarici resurslardan da qaynaqlandığını bildirdiyini qeyd edib.

La Liqa rəhbəri həmin vaxt bəzi sponsorluq müqavilələrinin real bazar dəyərindən uzaq olduğunu düşündüyünü və bunun futbol ekosisteminə təsir göstərə biləcəyini vurğulayıb.

“2017-ci ildəki çıxışımı və ondan sonra baş verənləri xatırlayanda bunu ‘Mən demişdim’ demək üçün etmirəm. Bu tarix mənim uzun illərdir apardığım mübarizəni kifayət qədər yaxşı izah edir.

Bu mövqeyi müdafiə etmək mənə çoxlu tənqid və narahatlıq bahasına başa gəlib. Amma 2017-ci ildə Mançesterdə dediklərimi bu gün də düşünürəm. Müdafiə edilməli prinsiplər var və bunun müəyyən qiyməti olsa belə, bunu etmək lazımdır. Mənim üçün bu prinsip onlardan biridir”.

Tebas bildirib ki, 2017-ci ildəki həmin açıqlamasından təxminən 9 il sonra Premyer Liqanın müstəqil komissiyası “Mançester Siti”yə qarşı irəli sürülən 115 maliyyə pozuntusundan 114-nü təsdiqlənmiş hesab edib.

Bununla belə, proses hələ yekunlaşmayıb. “Mançester Siti”nin hansı cəza ilə üzləşəcəyi hələ məlum deyil və araşdırma davam edir.

Tebas əlavə edib ki, baş verənlər maliyyə nəzarətinin, şəffaflığın və bütün klublar üçün vahid qaydaların vacibliyini bir daha göstərir.

Qeyd edək ki, “Mançester Siti”yə qarşı irəli sürülən ittihamlar maliyyə məlumatlarının düzgün təqdim edilməməsi, futbolçulara və məşqçilərə ödənişlər, həmçinin maliyyə nəzarəti tələblərinə əməl edilməməsi ilə bağlıdır.







İspaniya L.L.