30 sentyabr 2026. Çərşənbə

“Barselona” və “Atletiko” rəhbərləri arasında yaranan narazılıq aradan qalxıb


“Barselona” və “Atletiko” rəhbərləri arasında yaranan narazılıq aradan qalxıb

“Barselona”nın prezidenti Joan Laporta “Atletiko”nun baş direktoru Migel Anxel Hil Marin ilə münasibətlərini qaydaya saldıqlarını açıqlayıb.

90deqiqe.Az-ın məlumatına görə, tərəflər arasında münasibətlər yayda Kataloniya klubunun “Atletiko”nun hücumçusu Xulian Alvaresə maraq göstərməsindən sonra gərginləşmişdi. Transfer pəncərəsi bağlandıqdan sonra isə “Barselona” argentinalı futbolçunun keçidi ilə bağlı danışıqları davam etdirməyib.

Laporta tərəflər arasında artıq anlaşılmazlığın qalmadığını bildirib.

“Biz bir-birimizi gördük və qucaqlaşdıq. Əminəm ki, bütün fikir ayrılıqlarını artıq aradan qaldırmışıq və indi hər şey qaydasındadır. O, özümü çox rahat hiss etdiyim möhtəşəm insandır”, – deyə Laportanın sözlərini “Barca Universal” yayıb.

Qeyd edək ki, Laporta Kopenhagendə keçirilən Avropa Futbol Klubları Assosiasiyasının (EFC) Baş Assambleyasında UEFA prezidenti Aleksander Çeferin və EFC rəhbəri Nasser Əl-Xələifi ilə də görüşüb.

Bu, “Barselona”nın tamhüquqlu üzv kimi təşkilata qayıtmasından sonra klub prezidentinin assambleyada ilk iştirakı olub.







İspaniya L.L.