- İspaniya L.L.
- 23:33 01.10.2026
“Barselona” klubun keçmiş hakimlər komitəsinin sədr müavini Xose Mariya Enrikes Neqreyra ilə əlaqələri barədə “Real Madrid”in UEFA-ya sənədlər təqdim etməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
90deqiqe.Az-ın məlumatına görə, Kataloniya klubun rəsmi saytında yayılan açıqlamada UEFA-nın “Barselona”ya qarşı yeni intizam işi açmadığı bildirilib.
“UEFA “Barselona”ya qarşı yeni intizam işi başlatmayıb. Bu işlər 2023-cü ildə iki müstəntiqin təyin olunması ilə başlayıb. Onlar yenidən açılmayıb, çünki heç vaxt bağlanmayıblar”, – deyə açıqlamada qeyd olunub.
“Barselona”nın açıqlamasında araşdırmanın İspaniyada davam edən cinayət işi ilə əlaqəli olduğu da vurğulanıb. Klub əlavə edib ki, araşdırmanın başlanmasından etibarən UEFA-dan heç bir etirazla qarşılaşmadan lisenziyalar almaqda və qurumun himayəsi altında keçirilən yarışlarda iştirak etməkdə davam edir.
Xatırladaq ki, 2023-cü ildə “Barselona” İspaniya Kral Futbol Federasiyasında (RFEF) çalışmış Neqreyra ilə bağlı ödənişlərə görə rüşvət verməkdə ittiham olunub. Klubun 2001-2018-ci illər ərzində Neqreyra ilə əlaqəli ödənişlərə 8 milyon avrodan çox vəsait xərclədiyi iddia edilib.