- İspaniya L.L.
- 01:22 10.10.2026
İspaniyanın “Barselona” klubunun braziliyalı futbolçusu Rafinya komandanın qarşıdakı iki qarşılaşmasında iştirak edə bilməyəcək.
90deqiqe.Az-ın məlumatına görə, Kataloniya təmsilçisinin baş məşqçisi Hans-Diter Flik mətbuat konfransında 29 yaşlı hücumçunun səhhəti ilə bağlı açıqlama verib.
Bildirilib ki, bud nahiyəsində yaranan problemlə əlaqədar Rafinya Braziliya millisinin düşərgəsini vaxtından əvvəl tərk edərək klubun sərəncamına qayıdıb. Tibbi müayinə zamanı futbolçunun sağ budunun arxa hissəsində şişkinlik aşkarlanıb.
Bu səbəbdən braziliyalı oyunçu La Liqada “Xetafe”, UEFA Çempionlar Liqasında isə “Qalatasaray”la keçiriləcək görüşlərdə meydana çıxmayacaq.
Flik futbolçunun vəziyyətinə münasibət bildirərkən bunun zədə olmadığını, lakin ehtiyatlı davranmağın vacibliyini vurğulayıb:
“Bu, zədə deyil. Lakin ehtiyatlı olmalıyıq. O, ötən il üç dəfə zədələndiyi üçün sağlamlığının qeydinə qalmalıyıq”.